Bolnisi bələdiyyəsinin Faxralı kəndində iftar süfrəsi açılıb – FOTO
Bolnisi bələdiyyəsinin Faxralı kəndində yerli əhalinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.
İftar süfrəsində Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov və müşaviri Eldar Bayramov, Parlament üzvü Qoqi Meşveliani, Bolnisi meri Davit Şerazadişvili, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Etibar Eminov, eləcə də digər ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
İftar zamanı çıxış edən Bolnisi meri Davit Şerazadişvili müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edərək iftara dəvətə görə təşəkkür edib:
“Məni iftara dəvət etdikləri üçün azərbaycanlı vətəndaşlarımıza təşəkkür edirəm. Hər kəsi Ramazan ayı münasibəti ilə təbrik etmək istəyirəm. Ramazan ayı ölkəmizə və bütün dünyaya sülh və firavanlıq gətirsin. Gürcülər və azərbaycanlıları çoxəsrlik birgəyaşayış və dostluq birləşdirir, biz bir-birimizin adət-ənənələrinə, mədəniyyətinə hörmət və qayğı ilə yanaşırıq və bu, şübhəsiz ki, bugünkü iftarla da təsdiqini tapır. Bolnisi Bələdiyyəsində yaşayan vətəndaşlar bizim üçün yaradılmış tolerant mühitlə fəxr edirlər. Biz müxtəlifliyin və harmonik birgəyaşayışın vacibliyini aydın başa düşürük. Əminəm ki, bu əlaqələr daha da inkişaf edəcək və biz birlikdə Gürcüstanın tərəqqisinə öz kiçik töhfəmizi verəcəyik”, – deyə Davit Şerazadişvili bildirib.