İlham Əliyev və İrakli Qaribaşvili Qəbələ regional “ASAN xidmət“ mərkəzində olublar
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanda səfərdə olan Baş nazir İrakli Qaribaşvili Qəbələ regional “ASAN xidmət“ mərkəzində olublar.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib.
Tanışlıq zamanı “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib. Qeyd olunub ki, hazırda 24 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
Məlumat verilib ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 30 mindən çox könüllü gənc qoşulub. Bu günədək 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Həmçinin bildirilib ki, Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb. Bundan başqa, bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.
Sonda Baş nazir İrakli Qaribaşviliyə “ABAD-çı ailə” tərəfindən hazırlanmış əl sənətkarlığı məhsulu hədiyyə olunub.