Marneuli Meriyasında təhsildə fərqlənən şagirdlər mükafatlandırılıblar – FOTO

Marneuli Təhsil Resurs Mərkəzinin təşkilatçılığı ilə, Marneuli Munisipaliteti Meriyasında əlaçı şagirdlərin mükafatlandırılma tədbiri keçirilib.

Bu barədə Marneuli Meriyası məlumat yayıb.

Tədbir çərçivəsində, Marneuli Munisipalitetinin meri Kənan Ömərov, Parlamentin Marneuli və Qardabani üzrə majoritar deputatı Zaur Darğallı, Sakrebulonun sədri Amiran Qiorqadze və Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsini icra edən Xanəli Qəhrəmanov məktəbin əlaçı məzunlarını əldə etdikləri uğur münasibətilə təbrik edərək, mükafatlarını onlara şəxsən təqdim ediblər.

Qeyd edək ki, Marneuli Munisipaliteti üzrə 2020-2021-ci tədris ilinin ümumilikdə 20 məzunu 12 qızıl və 8 gümüş medala layiq görülüb, qeyd olunan tədris ilində baza səviyyəsində müvəffəqiyyət qazanmış 34 şagirdə isə kompüterlər təqdim olunub.

Tədbirdə rəsmi şəxslər, Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndələri, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.