DB: Qara dənizin dibi ilə çəkilən elektrik xəttinin texniki əsaslandırması bu il bitəcək
Dünya Bankı Qara dənizdə sualtı elektrik kabelin çəkilməsi üzrə layihə ilə bağlı gözləntilərini açıqlayıb.
Bu barədə Dünya Bankının “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə, Bahar 2023” hesabatında bildirilib.
“Dekabrda Azərbaycan və Gürcüstan Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə Cənubi Qafqazdakı iki ölkədən enerjini Avropa İttifaqına ixrac edəcək elektrik ötürücü kabelin çəkilməsi haqqında saziş imzalayıblar. Layihə üzrə texniki-iqtisadi əsaslandırmanın 2023-cü ilin sonuna qədər tamamlanacağı gözlənilir” – bank əlavə edib.
Qeyd edək ki, Cənubi Qafqaz regionunu Cənub-Şərqi Avropa ilə birləşdirən Qara dənizin dibi boyunca sualtı kabelin uzunluğu 1195 kilometrdir. Sualtı kabel xəttinin elektrik enerjisi ilə yanaşı, yüksək sürətli rəqəmsal rabitənin qurulmasına kömək edəcəyi gözlənilir.