Tbilisi Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açılması müzakirə edilib

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisi Dövlət Universitetinin (TDU) yeni rektoru Caba Samuşia ilə görüşüb.

Görüşdə TDU ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub.

Həmçinin TDU-nun nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması və ya Azərbaycanşünaslıq ixtisasının bərpa olunması məsələsi də müzakirə edilib. Qeyd edilib ki, sözügedən fakültənin yaradılması və ya Azərbaycanşünaslıq ixtisasın bərpa olunması Gürcüstandakı azərbaycandilli məktəblərin kadr çatışmazlığı probleminin qarşısını ala bilər.

Səfir Faiq Quliyev TDU-dakı Heydər Əliyev Auditoriyasında aparılan yenidənqurma və bərpa işləri ilə də tanış olub. Universitet rəhbərliyi auditoriyanın təmirdən sonra rəsmi açılış mərasimin bu ilin mayında həyata keçirilməsini təklif edib.