Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin adından “Parlaq gələcək” Kitab evinə kitab və fotoalbomlar hədiyə edilib – FOTO

Gürcüstana səfər çərçivəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Saqareco rayonunun Qaraçöp mahalında yaradılmış “Parlaq gələcək” tədris mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Görüş zamanı “Parlaq gələcək” tədris mərkəzinin həmtəsisçisi, Yormuğanlı ictimai məktəbinin biologiya müəllimi Rafael Süleymanov fəaliyyətləri və gələcək planları barədə qonaqlara ətraflı məlumat verib. Bu mərkəzin Qaraçöp mahalında yaşayan yüzlərlə azərbaycanlı şagirdin maariflənməsi və gürcü ictimaiyyətinə inteqrasiya etməsi məqsədilə təsis olunduğunu bildirib.

Bu fəaliyyətə Kitab evini yaratmaqla başladıqlarını söyləyən həmtəsisçi deyib ki, gələcək planlarına Azərbaycan, gürcü, ingilis dilləri, kompyüter kurslarınin, musiqi, rəqs, rəsm və idman dərnəklərinin açılması daxildir. Bu layihələrinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstək göstərilməsinə ümid bəslədiklərini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin adından “Parlaq gələcək” Kitab evinə “Heydər Əliyev – 100” kitabı, Azərbaycana və Qarabağa həsr olunmuş fotoalbomlar  hədiyyə edilib. Qeyd edək ki, “Heydər Əliyev – 100” kitabı Komitənin dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Birliyinin layihəsi əsasında gürcü dilində işıq üzü görüb.

Məlumat üçün onu da bildirək ki, görüşdə Qanun Hüquqi Yardım Mərkəzinin sədri Əli Bədirov və Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova da iştirak ediblər.