Qanunsuz olaraq saxlanılan iki Gürcüstan vətəndaşı azadlığa buraxılıb – RƏSMİ

Aprelin 30-da Kareli bələdiyyəsinin Dvan kəndi yaxınlığında işğal olunmuş ərazidə rus işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Çito Axalkatsi və Qoça Mamaqulaşvili azaddırlar və mərkəzi hökumətin nəzarətində olan ərazidədirlər.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

“Axalkatsi və Mamaqulaşvilini dərhal azad etmək üçün həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin sərəncamında olan bütün digər vasitələrdən fəal şəkildə istifadə olunurdu.
Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.

Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləri davam etdirir.” – deyə məlumatda qeyd edilib.