Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub – FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisi şəhərində 28 May – Müstəqillik Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Tədbirdə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, müdafiə nazirinin birinci müavini xanım Lelo Çikovani, Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, parlamentin deputatları, elm, ictimaiyyət nümayəndələri, din xadimləri, Türkiyənin səfiri Ali Kaan Orbay, eləcə də Gürcüstanda akkreditə olunan diplomatik korpusun əməkdaşları və soydaşlarımız iştirak ediblər.

Təntənəli mərasimdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Səfir Faiq Quliyev çıxış edərək deyib ki, cari il Azərbaycan və Gürcüstan dövlətlərinin, eyni zamanda, bölgəmizin tarixi üçün çox əlamətdardır. 105 il əvvəl, 1918-ci ilin mayın 26-da Gürcüstanın dövlət müstəqilliyi bəyan edilib. Ondan iki gün sonra, mayın 28-də isə Azərbaycan öz qədim dövlətçilik ənənələrinə yenidən qovuşmuş, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması barədə İstiqlal Bəyannaməsi qəbul edilmişdir.

Eyni zamanda, cari il Azərbaycanda dövlət səviyyəsində, həmçinin dünyanın əksər ölkələrində müasir Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və Gürcüstanın böyük dostu Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi qeyd olunur. O cümlədən cari il qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bütün bu tarixi paralellər Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz tarixi bağlılığının əyani təzahürləridir.

Qeyd olunub ki, AXC-nin mövcud olduğu 23 aylıq qısa müddət ərzində bir çox mühüm nailiyyətlərə imza atılıb.

F.Quliyev deyib: “Azərbaycan bu 105 illiyini qeyd edən nizami ordunun da inkişafı və ölkəmizin ümumi hərbi qüdrətinin güclənməsinə nail olmuşdur. Ordumuz öz sözünü hər-hansı işğal deyil, beynəlxalq ədalətin bərpa olunması, ölkəmizin torpaqlarının azad olunmasında demişdir.

2020-ci ildə dövlətlə xalqın şəksiz birliyi sayəsində, 44 günlük Vətən müharibəsində misilsiz igidlik göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük Qələbə qazanmış, şanlı Zəfərimiz 30 il ərzində həlli uzadılan münaqişəyə son qoyulmuşdur”.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili çıxış edərək Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu xüsusi vurğulayıb.

Sonra Gürcüstan müdafiə nazirinin birinci müavini xanım Lelo Çikovani çıxış edərək Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın inkişafını xüsusi qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov çıxışında deyib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrdə yeni islahatlar həyata keçirilməyə başlayıb.

Tədbir Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri maraqlı konsert proqramı ilə çıxış edib.

Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların nümayişi, həmçinin Azərbaycanın tarixini və füsunkar təbiətini əks etdirən rəsm əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Sonda tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.