“Sərhəddəki hadisə yeri Azərbaycanın suveren ərazisidir, bütün zəruri tədbirlər görüləcək”
Xəbər verildiyi ki, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti Məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdirilmiş, maddi sübutlar götürülüb.
Müəyyən edilib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vurub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub.
Zərərçəkmiş Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq əməliyyat edilib və tibbi ekspertizadan keçirilib, vəziyyəti stabilləşdikdən sonra dindirilməsi təmin olunacaq.
Cinayət işi üzrə götürülmüş maddi sübutlarla bağlı məhkəmə trosoloji-kriminalistik və digər ekspertizalar təyin olunub.
Baş Prokurorluqdan bəyan edilib ki, hadisə yeri Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir, təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi təmin olunacaq.