“Dostluq” futbol turnirinin açılış oyunları keçirilib – FOTO
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Dostluq” futbol turnirinin açılış oyunları keçirilib.
RealNews xəbər verir ki, turnir Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi tərəfindən təşkil edilib.
Mərkəzin direktoru Rezo Həsənov tədbiri giriş sözü ilə açaraq, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar dünyanın bir çox ölkəsində silsilə tədbirlərin keçirildiyini bildirib.
“O cümlədən Gürcüstanda da, dahi şəxsiyyətin ruhu yad edilir, müxtəlif idman yarışları, məlumatlandırıcı görüşlər, anım tədbirləri təşkil edilir.” -deyə R.Həsənov qeyd edib.
Daha sonra söz qonaqlara verilib, onlar da öz çıxışlarında Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, turnir iştirakçılarına uğurlar arzulayıblar.
Məlumat üçün onu da bildirək ki, iyunun 18-dək davam edəcək turnirdə 8 komanda mübarizə aparır. Dmanisinin “Qaraçay” klubu, Bolnisinin “Sabah” İdman klubu, Marneulinin “Olimp”, “Qızılhacılı” və “Görarxı” komandaları, Tbilisinin “Krcanisi”, Qardabanin “Teola” və “Manqilisi” komandaları birincilik üçün yarışırlar.
Turnir “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilir.