Darçiaşvili: Gürcüstan Avropa Komissiyasından namizəd statusu ilə bağlı ədalətli qərar gözləyir
Gürcüstan hökuməti Avropa Komissiyasından bu ilin payızında Gürcüstanın namizəd statusunu qiymətləndirərkən ədalətli və layiqlik prinsipinə əsaslanan qərar gözləyir.
Bunu xarici işlər naziri İliya Darçiaşvili ölkə parlamentinin “nazir saatı” formatında çıxışı zamanı deyib.
Darçiaşvili qeyd edib ki, Gürcüstan namizəd statusuna ötən il də layiq olub. Əlavə edib ki, bu qərar Gürcüstanın Avropaya inteqrasiya yolunu rəsmi şəkildə gücləndirəcək, ölkədə qütbləşmənin aradan qaldırılmasına töhfə verəcək, sülh və sabitliyin qorunmasına yardım edəcək.
Darçiaşvili deyib ki, Gürcüstan Avropanın şərq qonşuluğunda aparıcı islahatçı ölkə olaraq qalır və institusional və qanunvericilik baxımından Aİ ilə uyğunlaşmaq məqsədilə tutarlı addımlar atır.
XİN başçısı Gürcüstanın Assosiasiya Sazişində nəzərdə tutulan öhdəliklərinin 50 faizini yerinə yetirdiyini qeyd edib.