Tbilisidə Gürcüstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Tbilisidə Gürcüstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə məlumatı Gürcüstan XİN yayıb. Məlumata əsasən iclasa Gürcüstan tərəfdən xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycan tərəfdən isə xarici işlər nazirinin müavini Xələf Xələfov sədrlik edib.

Qeyd olunub ki, Gürcüstan-Azərbaycan siyasi məsləhətləşmələri çərçivəsində keçirilən görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli və çoxtərəfli formatda uğurla inkişaf edən sıx əməkdaşlığı müzakirə ediblər. Tərəflər iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını ifadə ediblər.

Həmçinin regional vəziyyət, mövcud çağırışlar və onların sülh yolu ilə həlli yollarına toxunulub.

Tərəflər sülh və sabitliyin vacibliyini, regionun sabit inkişafı üçün Gürcüstan və Azərbaycanın xüsusi töhfəsini və əməkdaşlığını qeyd ediblər.

Qeyd olunub ki, görüşdə Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası-demarkasiyası mövzusuna da toxunulub, dövlətlərarası komissiyanın növbəti iclasının keçirilməsinin mümkünlüyü barədə danışılıb.