Gürcü müğənninin ifasında “Bahar sənsiz” mahnısı – VİDEO

Gürcüstanın tanınmış estrada müğənnisi Veriko Turaşvilinin görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun “Bahar sənsiz” mahnısına çəkdirdiyi klipin təqdimat tədbiri keçirilib.

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutan tədbirdə, müğənni klipin çəkilişlərinin Gürcüstanda baş tutduğunu, layihədə gürcü, azərbaycanlı və türk peşəkar musiqiçilərin əməyinin olduğunu qeyd edib.

Veriko Turaşvili qeyd edib ki, hazırda 8 mahnının yer alacağı Azərbaycan mahnılarından ibarət albom üzərində işini davam etdirir.

Xatırladaq ki, Veriko Turaşvili bir müddət öncə “Sarı Gəlin” Azərbaycan xalq mahnısına da klip çəkdirib. Müğənni növbəti hədəfinin “Laçın” mahnısına elə Laçın rayonunda klip çəkdirmək olduğunu qeyd edib.