Qaribaşvili: Ukrayna Gürcüstanın Aİ namizədi statusu almamasında maraqlı olub
Ukrayna ötən il Gürcüstanın Avropa İttifaqı (Aİ) namizədi statusu almamasında maraqlı olanlardan biri olub.
Bunu Baş nazir İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, bu bir reallıqdır və bir çox Avropa liderləri ona bu faktı təsdiqləyiblər.
Hökumət başçısı Gürcüstan səfirinin Ukraynadan göndərilməsinə də münasibət bildirib. Qeyd edib ki, səfir Kiyev bombalandığı zaman şəhəri tərk etməyən sonuncu diplomat olub, buna baxmayaraq belə bir diplomat məsləhətləşmələr adı ilə Tbilisiyə göndərilib.
Qaribaşvili qeyd edib ki, Tbilisi heç kimdən minnət gözləmir, lakin Ukraynanın bu addımı dostluq əlaqələrinin, diplomatik etiketin pozulmasıdır.