Ermənistandan növbəti təxribat: Yük maşınları sərhəd məntəqəsinə yığılır – VİDEO

Ermənistan tərəfindən nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirilməsi siyasi şou, manipulyasiyadır və növbəti təxribata cəhdidir.

Belə ki, Ermənistan tərəfi Azərbaycanla razılaşdırmadan yük maşınlarını sərhəd məntəqəsinə yığır.

Ermənistan bu addımla siyasi şou yaradır və siyasi möhtəkirlik nümunəsi ortaya qoyur. Xarici səfirliklərin, o cümlədən də Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək sözün əsl mənasında məsələdən tamaşa düzəltmək anlamına gəlir. Digər tərəfdən, Qərb ölkələrinin səfirlik nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyil. Ermənistanın və onun havadarlarının növbəti şousu heç bir nəticə verməyəcək və iflasa məhkumdur.

Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil.

“Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil”, – xüsusi nümayəndə əlavə edib.