Yuxarı Saral kənd məscidinin əsaslı bərpa və təmirdən sonra açılış tədbiri keçirilib – FOTO
Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindəki İmam Zaman (ə) adına məscidin əsaslı bərpa və təmirdən sonra açılış tədbiri keçirilib.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi, Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi, millət vəkili, Marneuli bələdiyyəsinin meri, yerli rəhbərliyin nümayəndələri, Azərbaycan, Türkiyə və İranın ölkəmizdəki səfirliyinin əməkdaşları, din və ictimaiyyət xadimləri, mətbuat nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qurani-Kərimin tilavəti ilə başlayan mərasimdə 1998-ci ildə Yuxarı Saral kəndində ilk məscidin də xeyriyyəçi Rəhim Hüseynovun maddi vəsaiti hesabına inşa olunduğu bildirilib.
Çıxış edən məscidin axundu seyid Mirağa Mustafayev qonaqları kənd sakinləri adından salamlayıb və məscidin tarixi barədə ətraflı məlumat verib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Məscidin əhəmiyyəti və funksiyası haqqında danışıb.
Hacı Ramin İgidov və başqaları xeyirxah kənd sakini olan iş adamı Hüseynov Rəhim Həsən oğluna təşəkkürnamə plaketi, Quran-Kərim və xatirə olaraq hədiyyələr təqdim edib. Dövlətimizə və məscidin təmirinə dəstək göstərən hər kəsə təşəkkür edib, Allahdan əcr diləyib.
Digər çıxış edənlər də kənd sakinlərini təbrik edib, xeyirxah iş adamı Rəhim Həsən oğluna gördüyü müqəddəs əmələ görə təşəkkür ediblər.
Qeyd edək ki, Rəhim Həsən oğlunun maddi vəsaiti hesabına şərq memarlıq üslubu ilə yeni zahiri görkəm alan bu məscidə günbəz və minarələr əlavə olunub. Məscidin həyətində əlavə olaraq dəstəmazxana, kitabxana, muzey, iclas otağı, mərasim və ehsan salonu da əlavə olaraq inşa edilib.