Qarabağda qanunsuz fəaliyyətlərin dayandırılması tələbi ilə BMT-nin Tbilisidəki nümayəndəliyi önündə aksiya keçirilib
Paytaxt Tbilisidə BMT-nın Gürcüstan nümayəndəliyi qarşısında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində baş verən ekoloji problemlərə və burada erməni silahlı dəstələrinin qanunsuz fəaliyyətlərinə diqqət çəkmək məqsədilə dinc aksiya keçirilib.
RealNews.ge xəbər verir ki, baş tutan aksiyada yerli icma təşkilatlarının nümayəndələri və gənclər iştirak ediblər. Dinc aksiya iştirakçıları beynəlxalq təşkilatları Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində separatçılar tərəfindən ekologiyaya vurulan ziyanla bağlı rəy bildirməyə və bu kimi hallara susmamağa çağırıblar. Aksiyanın təşkilatçılarından olan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanı narahat edən məsələlər hər zaman Gürcüstan azərbaycanlılarını da narahat edib.
Bu səbəbdən də burada Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən vurulmuş ekoloji ziyana görə Ermənistan Respublikasının cəzalandırılması tələb olunur. O qeyd edib ki, Azərbaycanın 65 min hektardan çox meşəsi məhv edilib, təbii sərvətlərinə ziyan vurulub, çaylara zəhərli maddələr axıdılır. Bundan əlavə bildirilib ki, 2020-ci ildə müharibə başa çatandan sonra Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.
Muradov Azərbaycan Ordusunun iki əsgərinin Ermənistana əsir düşməsinin görüntüləri yayıldığını və Ermənistan mediasında onlara necə işgəncə olunduğunun da qeyd edib. Aksiya zamanı digər toxunulan məsələrdən biri də işğaldan azad edilmiş ərazilərin minalarla çirklənməsi olub. Qeyd edilib ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra Azərbaycanda mina qurbanlarının sayı 303 nəfəri ötüb. Torpaqların minalarla çirklədilmiş olması tək insanların həyatını təhlükə altına salmır, həm də vətəndaşların öz dədə-baba torpaqlarına qayıtmasına mane olur.
Jurnalistlərə müsahibə verən ictimai fəal və hüquqşunas Əli Bədirov da, öz növbəsində Ermənistan hakimiyyətinin beynəlxalq qanunla zidd adımlarının qarşısının alınmasının vacibliynə toxunub. Onun sözlərinə görə, Ermənistanın ətraf mühitə vurduğu ciddi ekoloji ziyan BMT-nin diqqət mərkəzində olmalıdır.