Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib – FOTO
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən “Heydər Əliyev-100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə 12-18 avqust tarixlərini əhatə edən düşərgədən yaddaqalan görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli düşərgənin iştirakçılar üçün kifayət qədər yaddaqalan, əyləncəli və maraqlı keçdiyini deyib. Bildirib ki, qarşıdakı illərdə muxtar respublika böyük inkişaf və uğurlara imza atacaq.
“Bir sözlə, siz proqramın icrası başa çatdıqdan sonra bütün sahələr üzrə böyük inkişaf yolu keçmiş, tamamilə dəyişmiş Naxçıvanın şahidi olacaqsınız”, – deyən Fuad Nəcəfli Diaspor Gənclərinin IV Yay Düşərgəsində iştirak edənləri, eləcə də xarici ölkələrdən gəlmiş gəncləri 5 ildən sonra yenidən Naxçıvana dəvət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov düşərgənin işinə göstərilən dəstəyə görə təşəkkür edib, layihənin uğurla başa çatması münasibətilə düşərgə iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları adından Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə xatirə hədiyyəsi təqdim olunub.
Sonra yay düşərgəsinin iştirakçılarına və layihənin təşkilində fəallıq göstərən könüllü gənclərə sertifikatlar və “Naxçıvan: Şərqin əfsanəsi” kitabı təqdim edilib.
Bağlanış mərasimi konsert proqramı ilə yekunlaşıb. Sonda xatirə fotosu çəkdirilib.