Zurabişvilinin Şarl Mişellə müzakirə etdiyi məsələlər açıqlanıb
“Gürcüstana Avropa perspektivinin verilməsi qaçırılmamalı olan tarixi fürsətdir.”
Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşündən sonra Avropa Şurasının dərc etdiyi bəyanatda deyilir.
“Prezident Mişel 2023-cü il sentyabrın 1-də Brüsseldə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Liderlər Aİ-Gürcüstan münasibətlərini, eləcə də regionda daha geniş hadisələri və Rusiyanın Ukraynaya qarşı müharibəsinin Gürcüstan və Cənubi Qafqaz üçün nəticələrini müzakirə ediblər. Prezident Mişel Avropa Şurasının Gürcüstana Avropa perspektivi vermək qərarını qaçırılmamalı olan tarixi fürsət kimi vurğulayıb. O, həmçinin ölkədə islahatların daha da dərinləşdirilməsinin vacibliyini, xüsusilə hüquq, de-oliqarxizasiya, antikorrupsiya və media plüralizmi sahələrində islahatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.
Prezident Mişel Gürcüstan Prezidentinin Gürcüstanın Avropa perspektivinin tərəqqisinə şəxsi sadiqliyini yüksək qiymətləndirib. Onun Aİ-Gürcüstan gündəliyinə güclü siyasi diqqəti və qanunvericilik müzakirələrindəki rolu, depolarizasiyaya töhfə verən fərdlərin əfv edilməsi xüsusilə yüksək qiymətləndirilib. Prezident Mişel Aİ-nin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini bir daha diqqətə çatdırıb. O vurğulayıb ki, Avropa İttifaqı Gürcüstanda sabitliyin artırılmasına sadiq qalır”, – Avropa Şurasının bəyanatında deyilir.