Tbilisidəki “Alyans” Gənclər Mərkəzində Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

27 sentyabr – Anım Günü ilə əlaqədar Tbilisidəki “Alyans” Gənclər Mərkəzində tədbir keçirilib.

“Alyans” Gənclər Mərkəzi və Azərbaycanlı gənc tələbə və məzunlar platformasının (ASAP) Gürcüstan nümayəndəliyi tərəfindən birgə təşkil olunan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, şəhid ailələri və qazilər, eləcə də icma nümayəndələri iştirak ediblər.

Mərkəzin sədri Leyla Əmrahova tədbirin əhəmiyyətindən söz açıb. Tarixi Qələbənin qazanılmasında şəhidlərin, qazilərin rolunu xüsusi qeyd edib.

Səfirliyin müşaviri Eldar Bayramov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi əhəmiyyətinə toxunub. Bildirib ki, bu müharibədə əslən Gürcüstandan olan Azərbaycanlılar da iştirak edib, xüsusi igidlik göstəriblər.

Müharibə dövründə minlərlə Azərbaycanlı səfirliyə müraciət edərək həmin döyüşlərdə iştirak etmək istədiklərini bəyan edib, müxtəlif yardımlar göstəriblər.

Gürcüstanda yaşayan azərbaycanlılar təkcə sözdə deyil, əməldə də bir olduqlarını nümayiş etdiriblər.