“Universal Pictures” İlon Mask haqqında filmin çəkilməsinə beynəlxalq hüquqlar əldə edib
“Universal Pictures” İlon Mask haqqında “Bəzəksiz” sənədli filminin çəkilməsinə beynəlxalq hüquqlar əldə edib, filmin rejissoru “Oskar” mükafatçısı Aleks Qibni olacaq. Bu barədə RealNews.ge “Deadline” nəşrinə istinadla xəbər verir.
“Biz dərhal bu layihəni əldə etmək istədik, çünki biz Aleksin əvvəlki işlərinin pərəstişkarıyıq və əminik ki, o əsrin ən təxribatçı personajlarından birinin bəsirətli obrazını yaradacaq”, – deyə “Universal Pictures Content Group”un icraçı vitse-prezidenti Helen Parker bildirib.
Filmin yayım hüququ “HBO Documentary Films”ə verilib.
Qeyd edək ki, 69 yaşlı Aleks Qibni – “Qaranlıq tərəfə taksi” kinolentinə görə “Ən yaxşı sənədli film” kateqoriyasında 2008-ci ilin “Oskar” mükafatçısıdır. Həmçinin rejissorun 2005-ci ildə həmin kateqoriyada “Enron: otaqdakı ən ağıllı oğlanlar” filminə görə “Oskar” nominasiyası var. Bundan başqa, Alex Qibninin “Armstrongun yalanı” və “Biz sirləri oğurlayırıq: “WikiLeaks” hekayəsi” ekran əsəri 2014-cü ildə “Ən yaxşı sənədli film” kateqoriyasında Britaniya Akademiyasının mükafatına namizəd olub. Rejissorun diqqətəlayiq layihələri arasında “Sinatra: hər şey və ya heç nə”, “Robin Vilyams: düşüncələrimə gəl”, “Rolling Stone: jurnalın səhifələrindəki hekayə”, “Cenis: balaca qız kədərlənir”, “Gonzo: Hunter S.Thompsonun qorxusu və nifrəti” layihələri yer alıb.