“Zurabişvilinin partiya yaradaraq parlament seçkilərində iştirak planları var”
Prezident Salome Zurabişvilinin ölkənin sabiq Ombudsmanı Nino Lomcariya və sabiq Baş nazir Giorgi Qaxaria ilə birlikdə siyasi partiya yaradaraq parlament seçkilərində iştirak etmək planları var.
Bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze KİV-ə açıqlamasında bildirib.
O, belə bir partiyanın yaradılmasının Prezidentin öz işi olduğunu, lakin bu partiyanın uğur qazanmaq şansının olmadığını, 5 faizlik seçki baryerini keçə bilməyəcəyini əlavə edib.
Kobaxidze qeyd edib ki, Prezident Konstitusiyanı pozmağa davam etsə, ona müvafiq cavab veriləcək.
Qeyd edək ki, Prezident Salome Zurabişvilinin hazırda heç bir partiya mənsubiyyəti yoxdur. Bununla belə, 2018-ci ildə keçirilən prezident seçkilərində qələbə qazanmasında hakim “Gürcü Arzusu” partiyasının ona dəstəyi həlledici rol oynayıb.