Gürcüstan nümayəndə heyəti Azərbaycanın Milli Müdafiə Universitetinin təhsil sistemi ilə tanış olub – FOTO

Azərbaycanda səfərdə olan Gürcüstan Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələri və “Müdafiə və Təhlükəsizlik Strateji Proqramı” kursunun dinləyiciləri Azərbaycanın Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlara Azərbaycanın Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.

Azərbaycan ilə Gürcüstanın hərbi təhsil üzrə ekspertləri ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışılıb, ətraflı fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.