Budapeştdə “Yaşıl beşlik” ölkələrinin 5-ci nazirlər iclasının mətbuat konfransı keçirilib

Macarıstanın paytaxtındakı “Groupama” stadionunun konfrans zalında “Yaşıl dəhliz”ə üzv dövlətlərin – Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın 5-ci nazirlər iclasının nümayəndə heyətlərinin başçılarının mətbuat konfransı təşkil edilib.

Nümayəndə heyətlərinin rəhbərlərinin çıxışlarından əvvəl bugünkü iclasın protokolunun imzalanması mərasimi keçirilib.

Daha sonra ev sahibi kimi mətbuat konfransını açıq elan edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan Gürcüstan, Qara dənizin dibi, daha sonra Bolqarıstan və Rumıniya ərazisindən “yaşıl” enerjinin ölkəsinə gətirilməsi layihəsinin icra edilməsində hazırkı müzakirələrin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu layihənin qeyri-adiliyi həm də ondan ibarətdir ki, dənizin dibi ilə təxminən 1100 kilometr uzunluğunda kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

Gürcüstan Baş nazirinin müavini və iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili transsərhəd əməkdaşlığının vacibliyini vurğulayıb, ölkəsinin enerji mənbələri sahəsində böyük potensialını qeyd edib, xüsusilə çox sayda çayların olduğunu vurğulayıb. O, tezliklə Avropa İttifaqının Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd statusu verəcəyinə ümidvar olduğunu bildirib.