Gürcüstanda dəhşətli hadisə: Əcnəbi şəxs üç nəfəri öldürməyə cəhddə ittiham olunur
Gürcüstan prokurorluğu xarici ölkə vətəndaşını Tbilisidə həyat yoldaşı daxil olmaqla, 3 nəfəri öldürməyə cəhddə ittiham edib.
Bu barədə prokurorluğun məlumatında deyilir.
Bildirilib ki, Tbilisinin Zğvis Ubani yaşayış massivində vətəndaşlığı istintaq tərəfindən açıqlanmayan əcnəbi şəxs həyat yoldaşını zorla avtomobilə mindirib. Bunu görən iki nəfər qadına kömək etmək istəyib. Təqsirləndirilən şəxs avtomobillə onları vurub. Nəticədə hər iki şəxs xəsarət alıb. Amma həyat yoldaşı avtomobildən çıxa bilib. Təqsirləndirilən şəxs avtomobildən düşərək onu təqib etməyə başlayıb və yerdən götürdüyü əşya ilə bir neçə dəfə həyat yoldaşını vurmağa çalışıb. Lakin hadisə şahidləri ona mane olublar.
Qeyd edilib ki, əcnəbi vətəndaşı 16 ildən 20 ilədək həbs cəzası gözləyir. Prokurorluğun təqdimatı əsasında məhkəmə artıq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçib.