Azərbaycanın Gürcüstandakı səfirliyində “Heydər Əliyev İli”nin yekunlarına və Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib – FOTO
Azərbaycanın Gürcüstandakı səfirliyində “Heydər Əliyev İli”nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gürcüstanda müxtəlif sahələrdə çalışan və fərqlənən ictimai-siyasi xadimlər, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirdə çıxış edərək xatırladıb ki, 2023-cü il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunub. Bununla əlaqədar dünyanın bir sıra ölkələrində, eləcə də Gürcüstanda silsilə tədbirlər keçirilib. Diplomat Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, dünya siyasi sistemindəki yüksək mövqeyi, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətləri, eləcə də bu ölkədə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib.
Səfir Azərbaycan dövlətinin Gürcüstanda yaşayan Azərbaycanlılara göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, bu gün Gürcüstanda minlərlə Azərbaycanlının Azərbaycan dövlətinin maliyyəsi hesabına ali təhsil aldıqlarını diqqətə çatdırıb.
Ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət münasibətlərinə toxunan F.Quliyev deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi durmadan artır və qarşıdakı illər ərzində 2 milyard dollara çatdırılması qarşıya məqsəd qoyulub.
Mədəni əlaqələrdən danışan diplomat Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulduğunu qeyd edib.
Sonra “Heydər Əliyev İli” çərçivəsində fərqlənən ictimai-siyasi xadimlər, müəllim və jurnalistlər xüsusi təşəkkürnamə ilə mükafatlandırılıb.