Kobaxidze: “Gürcüstan 2030-cu ilədək Aİ-yə daxil olmağa hazır olacaq”
“Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq”.
Bu barədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze “İmedi” telekanalının efirində deyib. O bildirib ki, bununla bağlı Gürcüstan üzərinə düşün bütün öhdəlikləri yerinə yetirəcək.
Kobaxidze Gürcüstan və Moldovanın imkanlarını müqayisə edərək ölkəmizin iki il ərzində iqtisadi göstəricilərini önəmli dərəcədə artırdığını və bunun Aİ-yə daxil olması üçün həlledici amillərdən biri olduğunu qeyd edib: “Gəlin iqtisadiyyatı götürək, Gürcüstan və Moldovanı müqayisə edək. Bu il və təkcə keçən il biz Moldova iqtisadiyyatı ilə fərqi 8 milyard dollar artırdıq. Bu o deməkdir ki, biz Avropaya inteqrasiya yolunda Moldova ilə müqayisədə 8 milyard dollar irəlidəyik. Nəhayət, üzvlük məsələsi gündəmə gələndə əsas meyar yenə də iqtisadiyyat olacaq”, – deyə Kobaxidze vurğulayıb.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının dekabrda keçirilmiş sammitində Ukrayna və Moldova ilə 2024-cü ilin martında və ya daha sonra başlaya biləcək üzvlük danışıqlarına start vermək qərara alınıb. Sammitdə Gürcüstana Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi də elan edilib.