Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib
Dekabrın 9-da Marneulidəki “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi, eləcə də AZƏRTAC-ın informasiya dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, xalqımızın dahi lideri Heydər Əliyev şərəfli ömür yolunun böyük bir hissəsini Azərbaycanın müstəqilliyinə, dirçəlişinə və tərəqqisinə həsr edib.
Parlamentin deputatı Zaur Darğallı çıxışında qeyd edib ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze tərəfindən qoyulub. Bu gün bu dostluq və qardaşlıq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın indiki hökumət rəhbərliyi tərəfindən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün iki ölkənin dostluğu Cənubi Qafqazda bir çox ölkələr üçün örnəkdir.
Türkiyənin “Maarif” Məktəblərinin Gürcüstan Nümayəndəliyinin baş direktoru Faruk Tekşen çıxışında bildirib ki, qardaş Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluğun və qardaşlığın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub. O qeyd edib ki, türk xalqı Heydər Əliyevin “bir millət, iki dövlət” müdrik kəlamı ilə yaşayır. Faruk Tekşen Heydər Əliyevin Türk dünyasının dahi şəxsiyyəti kimi hər zaman böyük hörmətlə xatırlandığını deyib.
Daha sonra Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstan Parlamentinin sabiq deputatları Mahir Dərziyev, Hidayət Hüseynov, Dmanisi rayonunun aşağı Orzuman kəndinin məktəb direktoru İslam Məmmədov, ziyalı Səyyad Xəlilov və başqaları çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında fikirlərini bölüşüblər.
Bizi WhatsApp – da izləyin.