Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin bərpasını başa çatdırıb

Ermənistan Türkiyə ilə quru sərhədində yerləşən və 30 ildən artıq bağlı qalan “Marqara” keçid məntəqəsində tikinti və bərpa işlərini başa çatdırıb.

Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan mətbuat konfransında deyib. “Gömrük və texniki imkanlar, pasport nəzarəti, o cümlədən sərhəd xidməti baxımından sərnişinlərə lazımi xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildən bağlıdır. Ötən ilin martında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəd keçidinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açması barədə razılığın əldə olunduğunu bəyan etmişdi. Həmin ilin aprel ayında İrəvan “Marqara” keçid məntəqəsində bərpa işlərinə başlamışdı.

Xatırladaq ki, Ermənistan hökuməti 2021-ci ildə Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bildirib. Ankara və İrəvan bunun üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyulunda Vyanada tərəflər arasında üçüncü ölkə vətəndaşlarının Türkiyə ilə Ermənistan arasında quru sərhədini keçmək imkanlarının təmin edilməsi, həmçinin yük daşımalarının həyata keçirilməsi barədə razılıq əldə olunub. 2023-cü ilin yanvarında Ankara birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığı barədə İrəvanı məlumatlandırıb.