Hindistana məxsus təyyarə 8 ildən sonra okeanın dibində tapılıb
Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “An-32” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğradıqdan 8 il sonra Benqal körfəzində Hind okeanının dibində tapılıb.
Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2016-cı ildə itkin düşən və içərisində 29 nəfərin olduğu təyyarənin qalıqları Milli Okean Texnologiyaları İnstitutunun dərin dəniz tədqiqatları zamanı tapılıb.
Tədqiqatlar 3 400 m dərinlikdə, avtonom sualtı aparatın vasitəsinin köməyi ilə həyata keçirilib. Məhz bu aparatın çəkdiyi şəkillər nəticəsində təyyarənin son dəfə radarlarda olduğu yerin okean dərinliklərində təyyarənin görüntüləri çəkilib.
Xatırladaq ki, 2016-cı il iyulun 22-də Hindistan HHQ-yə məxsus “An-32” təyyarəsi “Tambaran” aviabazasından havaya qalxaraq Andaman adalarındakı Port Bleyrə eniş etməli idi. Təyyarədə 21 hərbçi və 8 mülki şəxs olub. Havaya qalxdıqdan 16 dəqiqə sonra pilotdan hər şeyin normal olduğu xəbəri alınsa da, bu mesaj təyyarədən gələn sonuncu mesaj olub.
Daha sonra genişmiqyaslı əməliyyat-axtarış tədbirləri keçirilsə də, təyyarəni aşkar etmək mümkün olmayıb. İlkin araşdırma göstərib ki, təyyarədə qəza zamanı onu tapmaq üçün lazımi avadanlıqlar olmayıb.