QMİ sədri Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxini qəbul edib – FOTO

Yanvarın 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ali dini şurasının sədri Faiq Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QMİ-dən verilən xəbərə görə, qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri Faiq Nəbiyevi yeni vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib, xeyir-dualarını çatdırıb. Dəvətini qəbul edərək Azərbaycana səfərə gəldikləri üçün nümayəndə heyətinə minnətdarlığını bildirib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixən dostluq və mehriban qonşuluq münasibətləri əsasında formalaşdığını vurğulayaraq bu gün hər iki dövlət başçısının siyasi iradəsi ilə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Gürcüstan Müsəlmanları İdarəsinin yeni rəhbərliyinin bu əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

QMİ-nin Gürcüstan Azərbaycanlılarının problemlərini daim diqqətə saxladığını bildirən Şeyxülislam həzrətləri onların rahat şəkildə ibadətlərini və dini ayinlərini həyata keçirmək üçün kitablar çap olunduğunu qeyd edib, mənəvi dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Azərbaycana səfərə dəvət etdiyinə görə Şeyxülislam həzrətlərinə minnətdarlıq bildirən Şeyx Faiq Nəbiyev dövlət suverenliyini və ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Faiq Nəbiyevin sözlərinə görə, Gürcüstanda yaşayan müsəlmanlar Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini diqqətlə izləyir və regionda sülhün davamlı olması üçün atdığı addımları dəstəkləyir.

Qonaq bildirib ki, rəhbərlik etdiyi qurum iki dost və mehriban qonşu ölkələrdə yaşayan dindarlar arasında əlaqələrin daha da inkişafında maraqlıdır, bunun üçün səy göstərməyə hazırdır. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadə kimi təcrübəli və nüfuzlu dini liderin məsləhətlərindən daim istifadə olunacaq.

Söhbət zamanı iki qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətinə xatirə hədiyyələri təqdim edilib.