Marneulidə “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı sərgi və “Unutsaq-unudularıq” mövzusunda anım tədbiri keçirilib – FOTO
Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşkilatçılığı ilə 20 Yanvar – 9 Aprel faciələrinə həsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı sərgi və “Unutsaq-unudularıq” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Marneulidəki “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov Azərbaycanın və Gürcüstanın müstəqillik uğrunda mübarizə tarixindən söz açıb, keçmiş sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Azərbaycanda törətdiyi qırğınların əsas səbəblərindən danışaraq bildirib ki, ölkələrimizin azadlığı uğurunda canlarından keçən qəhramanlar heç bir zaman unudulmur.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, sovet imperiya qüvvələrinin bu qırğınları törətməkdə məqsədi hər iki xalqın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qırmaq olub: “Lakin onlar öz istəklərinə nail ola bilməyiblər. Azərbaycan və gürcü xalqları öz qanları bahasına yenidən müstəqilliyinə qovuşublar”.
Digər çıxış edənlər də 9 Aprel və 20 Yanvar faciələrini şərh edib, fikirlərini bölüşüblər.
Tədbirdə dövlət rəsmiləri, ictimayyət nümayəndələri, ziyalılar və gənclər iştirak edib.
Sonda ehsan süfrəsi açılıb.