Faiq Nəbiyev: Azərbaycan-Gürcüstan dostluq münasibətləri özünü bütün sahələrdə göstərir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycanda səfərdə olan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Mübariz Qurbanlı Azərbaycan-Gürcüstan əməkdaşlığının mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını deyib. O qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iki dövlət arasındakı münasibətlər məqsədyönlü fəaliyyət sayəsində yeni mərhələyə yüksəlib. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərə diqqət çəkən Komitə sədri Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Son dövrdə müvafiq sahədə Gürcüstanla münasibətlərin inkişaf tempindən məmnunluq ifadə edən M.Qurbanlı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin Azərbaycana, habelə Azərbaycan nümayəndə heyətinin ötən il Gürcüstana etdiyi səfərləri həmin əlaqələrin canlanmasına təkan verən amil kimi qiymətləndirib. İki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını qeyd edib.
GMİ-nin şeyxi Faiq Nəbiyev Azərbaycanın nümunəvi birgəyaşayış modelinin önəminə diqqət çəkib. Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərinin özünü bütün sahələrdə göstərdiyini bildirib. Fəaliyyəti dövründə dini sahədə əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.