Azərbaycanın axtarışa verdiyi 1 nəfər Gürcüstandan ekstradisiya edilib

Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əliyev Xalid Əliağa oğlu, Əliyev Raul Firudin oğlunun Rusiya Federasiyasından, Rəhimov Anar İlqar oğlunun isə Gürcüstandan ekstradisiyası haqqında Azərbaycan Baş Prokurorluğunun vəsatətləri təmin edilib.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Xalid Əliyev və Anar Rəhimov xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyev isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Yanvarın 24-də qeyd olunan şəxslər Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.