Tbilisidə “Gürcüstan və Azərbaycan Dostluğu” mövzusuna həsr edilmiş görüş keçirilib – FOTO
Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzində “Gürcüstan və Azərbaycan dostluğu” mövzusunda icma üzvləri və tələbələrlə görüş keçirilib.
Tədbiri açılış sözü ilə “Qanun” Hüquqi Yardım Mərkəzinin direktoru Əli Bədirov açıb.
Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Sabit Məmmədov, professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova çıxış ediblər.
Tədbir çərçivəsində çıxışçılar uzun illər Gürcüstan və Azərbaycan arasında davam edən dostluq əlaqələrindən, Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıqdan, 20 yanvar tarixindən başlayan azadlığa aparan yoldan və Ulu Öndərin siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin uğurlu siyasətindən bəhs ediblər.
Tədbirin sonunda Gürcüstanda təhsil alan Azərbaycan Respublikasının vətəndaşları Aslan Aslanov, Kərim Səlimov və başqaları qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak edəcəklərindən və Ali Baş Komandan İlham Əliyevə dəstəklərindən danışıblar.
Tədbirdə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) İdarə Heyətinin sədri Nəriman Qurbanov, iş adamları, “Alyans” Gənclər Mərkəzinin icraçı derektoru Rəna Hüseynova, “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov, “Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətandaş Birliyi”nin rəhbəri Kamran Xıdırov, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzin” direktoru Rezo Həsənov, “Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin” rəhbəri Çiçək Hüseynova və media nümayəndələri iştirak ediblər.
Məlumat üçün onu da bildirək ki, tədbirdən sonra Sabit Məmmədov “Alyans” Gənclər mərkəzinin və eyni zamanda Azərbaycan Respublikası vətəndaşı olan Gürcüstanda təhsil alan tələbələrlə görüş keçirib.