Mirağa Mustafayev 70 illik yubileyi münasibətilə təltif edilib – FOTO

Marneuli bələdiyyəsinin Yuxarı Saral ictimai məktəbinin dərs hissə müdiri Mirağa Mustafayev 70 illik yubileyi münasibətilə “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın xüsusi diplomu ilə təltif edilib.

RealNews.ge xəbər verir ki, Yuxarı Saral ictimai məktəbində keçirilən görüşdə ittifaqın sədri Səadət Zeynalqızı, təşkilatın idarə heyətinin üzvləri filoloq Növrəstə Məhrrəmqızı, Qardabani bələdiyyəsinin Muğanlı ictimai məktəbinin direktoru Dilarə Abazova, eləcə də digər müəllimlər və ziyalılar iştirak ediblər.

Çıxış edənlər Mirağa müəllimin ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən dəyərli el-ağsaqqalı olduğunu bildiriblər. Yarım əsrdən çox pedaqoji fəaliyyəti dövründə yüzlərlə gəncin elmli, bilikli, savadlı yetişməsinə öz töhvəsini verən Mirağa Mustafayevə uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayıblar.

Görüş zamanı ittifaqın sədri Səadət Zeynalqızı Mirağa Qasım oğlu Mustafayevi 70 illik yubileyi və Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının işlərində göstərdiyi səmərəli xidmətlərinə görə təşkilatın xüsusi diplomu ilə təltif edib.