Türkiyə və Gürcüstan XİN rəhbərləri Ermənistan-Azərbaycan normallaşmasını müzakirə edib – FOTO

Türkiyədə səfərdə olan Xarici işlər naziri İliya Darçiaşvili həmkarı Hakan Fidanla Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib.

Bu barədə XİN başçısı Hakan Fidan Darçiaşvili ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.

“Ölkələrimizi maraqlandıran regional və qlobal hadisələri də ələ aldıq. Bu çərçivədə xüsusilə Cənubi Qafqazın çox uzun müddətdir davam edən qalıcı problemlərindən biri olan Azərbaycan və Ermənistan arasındakı sülh prosesi məsələsini müzakirə etdik və buradakı mövqelərimizi təkrar bir-birimizlə bölüşdük. Bölgənin bir an öncə sabitliyə qovuşması mövzusunda arzumuzu və konstruktiv mövqeyimizi yenilədik”, – Hakan Fidan qeyd edib.

Nazir onu da qeyd edib ki, Abxaziya və Cənubi Osetiya məsələləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Darçiaşvili də regionda sülhün möhkəmləndirilməsi istiqamətində ortaq səylərin müzakirə edildiyini qeyd edib. O, Türkiyənin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olduğunu xatırladıb. Əlavə edib ki, ölkələr arasındakı əlaqələrin tam potensialının istifadəsi üçün hər iki ölkənin aidiyyəti qurumları arasında əlaqələr dərinləşdirilməlidir.