Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi müsabiqə elan edir

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi “Azərbaycan və Gürcüstanın beynəlxalq nəqliyyat dəhlizlərində rolu” mövzusu üzrə inşa (essay) müsabiqəsi elan edir.

RealNews.ge xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb:

“Əziz tələbələr,

Məlum olduğu kimi, dünyada və regionda cərəyan edən proseslər fonunda Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ başlamışdır. Azərbaycan və Gürcüstanın həyata keçirdiyi xarici siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat layihələrinin icra olunmasını vacib məqamlar kimi qeyd etmək mümkündür. Hər iki ölkə coğrafi mövqeyi, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional logistika, tranzit mərkəzi kimi seçilir, tarixi “İpək Yolu”nun bu ərazidən keçməsi isə logistika sahəsində qədim ənənələrin mövcudluğunun göstəricisidir. Qədim “İpək Yolu”nun bərpası istiqamətində mühüm həlqə olan Azərbaycan, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Qeyd edilməlidir ki, Gürcüstanla Azərbaycan arasındakı strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər bu layihələrin birgə icrası və uğurlu nəticələrin əldə olunmasına böyük zəmin formalaşdırır. Eyni zamanda, nəqliyyat layihələri mövcud geosiyasi reallıqlar çərçivəsində həm Azərbaycanın, həm də Gürcüstanın tranzit imkanlarını və geostrateji əhəmiyyətinin daha da artırılması üçün əlverişli imkan yaradır.
Müsabiqədə iştirak etmək istəyən Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan tələbələr ixtisaslarına uyğun olaraq, qeyd olunan mövzunun üç aspektindən (beynəlxalq hüquqi, iqtisadi və geosiyasi) biri üzrə azərbaycan və ya ingilis dilində inşa (essay) hazırlayaraq, aşağıdakı “link” vasitəsilə 05.03.2024-cü il tarixinədək Səfirliyə göndərmələri xahiş olunur. Təqdim olunacaq inşalar tərəfimizdən “mövzunun əhatə olunması, analiz etmə və proqnoz vermə” meyarları üzrə qiymətləndiriləcək və ilk üç yeri tutan tələbələr müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
İnşanı (essay) göndərmək üçün link:
Müsabiqə ilə bağlı əlavə məlumat almaq istəyən şəxslərdən Səfirliyin aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur:
+995 577 34 80 00″