Bolnisidə Novruz bayramına həsr edilmiş tədbir keçirilib – FOTO
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə və sertifikatların verilməsi ilə bağlı təntənəli tədbir keçirilib
Tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayan Mərkəzin icraçı direktoru Rezo Həsənov, Gürcüstanın ən gözəl şəhərlərindən biri olan Bolnisidə qeyd olunan bu təbiri keçirməkdən böyük bir fəxr hissi keçirdiyini qeyd edib.
O, qarşıdan gələn “İlaxır Çərşənbə” və Novruz Bayramı münasibətilə hər kəsi təbrik edərək bildirib ki, Mərkəz 2021-ci ildən etibarən öz fəaliyyətini uğurla davam etdirir. Bununla yanaşı, o, 2023-cü ildə həyata keçirilmiş bir sıra tədbirlərlə bağılı tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin Azərbaycan dili müəllimi Fatma Əliyeva, Gürcüstan Azərbyacanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) direktoru Murad Muradov və digərləri çıxış edərək bildiriblər ki, Novruz Bayramını və digər milli bayramlarımızı yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur və uzun bir fasilədən sonra Bolnisinin mərkəzində milli bayramımızı qeyd etmək özlüyündə tarixi bir hadisədir.
Tədbirdə Bolnisi rayonunun bir çox kəndlərindən gəlmiş milli rəqs qrupları və Mərkəzin üzvləri azərbaycan və gürcü rəqslərini nümayiş etdirmiş və aşıqlar sazda ifa etmişlər.
Tədbirdə Mərkəzin 100-ə yaxın üzvünə Azərbaycan dili, gürcü dili və ingilis dili fənnləri üzrə sertifikatlar təqdim edilmişdir.
Mərkəzin İncəsənət və rəsm müəllimi Qəşəm Süleymanovun və Rəsm kursunun üzvü Türanə Süleymanovanın çəkdiyi rəsmlər tədbirdə nümayiş etdirilib və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.