Tbilisidə Novruz bayramı yüksək səviyyədə qeyd olunub – FOTO
Tbilisidəki Abonotubani küçəsində Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Bayram mərasimində Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Kaxa Qulediani, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın səfirləri, digər ölkələrin səfirliklərinin nümayəndələri, Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri Abanotubani küçəsində Novruz bayramı ilə əlaqədar xüsusi guşə yaradaraq milli-mədəni və incəsənət nümunələrini, Novruz atributlarını nümayiş etdiriblər.
Tədbir iştirakçıları Azərbaycan guşəsini ziyarət edib, Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadıblar.
Səfir Faiq Quliyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva qonaqlara hədiyyələr təqdim ediblər.
Sonra Novruz tonqalı alovlandırılıb.
Azərbaycan xalçaları, səməni, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş meydanda Kosa və Keçəl duzlu-məzəli söhbətləri ilə tədbirə xoş ovqat qatıblar.
Səfir Faiq Quliyev çıxış edərək Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan xalqının Novruz bayramına verdiyi böyük dəyərdən danışıb, minilliklər ərzində bu bayramı sevə-sevə yaşatdığını bildirib. Qeyd edib ki, qədim köklərə malik bu bayram zəngin adət-ənənələri, bəşəri dəyərləri yaşadır.
Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze Novruz bayramı şənliyində iştirakdan qürur duyduğunu qeyd edib. Bildirib ki, Tbilisi tolerantlığın nümunəsidir, şəhərdə hamı dostluq və əmin-amanlıq şəraitində yaşayır. Novruz yeni gün deməkdir. Şura sədri Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafını xüsusi vurğulayıb.
Tbilisi şəhər merinin müavini Kaxa Guledani, Türkiyənin səfiri Ali Kaan Orbay, Ağsaqqalar Şurasının sədri İsak Novruzov və başqaları çıxışlarında bayram münasibətilə təbriklərini çatdırıblar.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.
Qeyd edək ki, tədbir Azərbaycan səfirliyinin dəstəyi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Gürcüstandakı Azərbaycanlı Ağsaqqalar Şurasının birgə təşkilatçılığı ilə keçirilib.