Rustavidə çoxfunksiyalı idman kompleksinin açılışı olub – FOTO
Hələ 4-5 il əvvəl heç kim ağlına belə gətirə bilməzdi ki, UFC kəməri Rustavidə olacaq və onu bu şəhərə İliya Topuriya gətirəcək”, – deyə Baş nazir İrakli Kobaxidze Rustavidə çoxfunksiyalı idman kompleksinin açılışında çıxışı zamanı bildirib.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Hökumət başçısı UFC çempionu İlya Topuriya ilə birlikdə idman sarayına gəlib.
Baş nazirin sözlərinə görə, Rustavi layiqli, istedadlı insanların olduğu görkəmli şəhərdir və bunun bariz nümunələrindən biri İliya Topuriyadır.
“İdman bir çox cəhətdən xüsusi əhəmiyyət kəsb edir, o, sağlamlıq, sağlam həyat tərzi, düzgün düşünmək, insanları pis vərdişlərdən qorumaq deməkdir. Ona görə də idmanın inkişafına xüsusi diqqət yetirilməlidir.”, – deyə baş nazir bildirib.
Hökumət başçısı çoxfunksiyalı idman kompleksinin tikintisində əməyi olan hər kəsə, o cümlədən regional inkişaf və infrastruktur naziri İrakli Karseladzeyə, Asiya İnkişaf Bankına, Mədəniyyət və İdman Nazirliyinə və digər rəsmilərə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Rustavidəki çoxməqsədli qapalı idman kompleksinin əsas zalı 8 olimpiya idman növünə xidmət göstərəcək. Zalda basketbol, voleybol, həndbol, mini-futbol, boks, güləş, cüdo, qılıncoynatma idman növləri üzrə tədbirlər keçirmək mümkün olacaq.
Tribunalar 1500 tamaşaçı üçün nəzərdə tutulub. Çoxfunksiyalı idman kompleksi məhdud fiziki imkanları olan şəxslər üçün tam uyğunlaşdırılıb.
Layihə Asiya İnkişaf Bankının (AİB) 24 milyon lari maliyyə dəstəyi ilə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu tərəfindən həyata keçirilib.