Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb – FOTO
Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salınıb.
RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan respublikasının müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 9-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlk mərhələdə Şuşa şəhərinə 20 ailə – 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmalarına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri və Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan torpaqlarını işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.