Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.
Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar. Qeyd edək ki, səfər çərçivəsində nazirlər Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.