Çin Xalq Respublikasının nümayəndə heyəti Marneulidə rəsmi səfərdə olub – FOTO
Çin Xalq Respublikasının, Sian Texniki Universitetinin nümayəndə heyəti Marneuli Munisipalitetində rəsmi səfərdə olub.
Bu barədə Marneuli Meriyası məlumat yayıb.
Nümayəndə heyətini Marneuli Munisipalitetinin meri Kənan Ömərov, Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı, Marneuli Munisipaliteti Sakrebulosunun sədri Amiran Qiorqadze, müavinləri Temur Şubitidze və Zurab Panqani ilə birlikdə qəbul ediblər.
Rəsmi görüş zamanı, Marneuli Munisipaliteti ilə Sian Texniki Universiteti arasında əməkdaşlığın və müxtəlif sektorlarda imkanların inkişafının əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində, Marneulinin İctimai Kitabxanasında – “Təhsil, Mədəniyyət, Biznes” adlı Gürcüstan-Çin birgə forumu keçirilib. Tədbirin məqsədi – təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də işgüzar və elmi əlaqələrin inkişaf etdirilməsidir.
Forumda Marneuli Munisipaliteti merinin müavini Temur Şubitidze dinləyicilərə “Silk Road Culture Hub”-ın əhəmiyyətindən və onun inkişaf potensialından bəhs edib, inzibati xidmətin rəhbəri Mamuka Şubitidze isə Marneuli Munisipaliteti Meriyasının fəaliyyətindən və onun regional inkişaf məsələlərindəki rolundan danışıb. Çin tərəfindən professorlar Kong Cie və Liu Hiu Sian Texniki Universitetinin təhsil sahəsində “Kəmər və Yol” təşəbbüsü olan ölkələr ilə əməkdaşlığa aid beynəlxalq təşəbbüslərini təqdim ediblər.