Tbilisidə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib
Tbilisidə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb. Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə layihənin rəhbəri, “Qızılbaş” İctimai Birliyinin sədri Aqil Ələsgər iki ölkə arasındakı tarixi əlaqələrdən söz açıb. O, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsindən danışıb və Bakının tədbirə tam hazır olduğunu bildirib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı barədə məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Diplomat azərbaycanlı gənclərin maariflənməsi, eləcə də onların gürcü gənclərlə əlaqələrinin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.
Sonra o, COP29 haqqında geniş danışıb. Bildirib ki, bu mötəbər tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları da səylə çalışırlar.
Azərbaycan və Gürcüstan gənclərinin qarşılıqlı əlaqələr çərçivəsində şəbəkələşmə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edən səfir gəncləri bu imkanlardan maksimum faydalanmağa çağırıb.
Daha sonra Azərbaycanın Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Leyla Əliyeva COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri barədə danışıblar, iki ölkə arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin töhfəsindən bəhs ediblər.
Tədbirdə Azərbaycan-Gürcüstan əlaqələri haqqında sənədli film nümayiş olunub.
Daha sonra “Gənclərin Təşəbbüsü və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyevin moderatorluğu ilə Gürcüstan-Azərbaycan Gənclərinin “Yaşıl dünya naminə” mövzusunda panel iclası keçirilib.
Bizi WhatsApp – da izləyin.