Polşayla vizasız rejim ləğv edilir? – BAŞ NAZİRDƏN AÇIQLAMA
Polşanın Baş naziri Donald Tusk parlamentdə çıxışı zamanı qeyri-qanuni miqrasiya ilə bağlı sərt tədbirlərin görüləcəyini bəyan edib.
O, bu kontekstdə Gürcüstanı da qeyd edərək, Polşaya və Avropaya miqrasiya axınının hüquqi və ictimai təhlükə yaratdığı ölkələrlə vizasız rejimin məhdudlaşdırılması və ya dayandırılması ehtimalını gündəmə gətirib. Tusk bildirib ki, mövcud üsullardan istifadə etməklə beynəlxalq hüququ dəyişməyə və miqrasiya riskini minimuma endirməyə hazırdır.
Onun sözlərinə görə, hazırda Polşa hökuməti Gürcüstan da daxil olmaqla bəzi ölkələrlə vizasız gediş-gəlişi dayandırmaq üçün lazım olan parlament çoxluğunu formalaşdırır: “Bəli, bu mənim niyyətimdir. Bilirik ki, gürcülərin bir hissəsi bizim dəyərlərimizi bölüşür, amma problemi də aydın görürük”, – deyə Tusk qeyd edib.
Baş nazirin sözlərinə görə, Polşa demək olar ki, hər gün qanunsuz miqrantların deportasiyasını həyata keçirir. O, yaxın günlərdə cinayət fəaliyyəti ilə əlaqədə şübhəli bilinən 50 gürcünün ölkədən çıxarıldığını da açıqlayıb.
Tusk vurğulayıb ki, məsələ təkcə Gürcüstanla məhdudlaşmır. Onun fikrincə, vizasız rejimin dayandırılması, ümumiyyətlə, artıq Avropa standartlarına hörmət etməyən, avtoritar idarəetməyə malik və miqrasiya yolu ilə Avropa ölkələrində ictimai asayişi təhdid edən dövlətlərlə bağlı ciddi müzakirə mövzusudur: “Üzr istəyirəm, əgər bu bəzi gürcüləri incidirsə, amma mən vizasız girişin məhdudlaşdırılmasının qəti tərəfdarıyam”, – deyə Tusk əlavə edib.
Baş nazir həmçinin qeyd edib ki, bu qərar yalnız milli səviyyədə deyil, Avropa səviyyəsində qəbul olunmalıdır və bu istiqamətdə təşəbbüslər davam etdirilir.
Bizi WhatsApp – da izləyin.