Gürcüstanda Hindistanlıların dəbdəbəli toy mərasimləri keçiriləcək – FOTO
Milli Turizm Administrasiyası yeni istiqamətin inkişafına başlayıb. Administrasiyanın Konvensiya və Sərgi Bürosu Hindistandan 15 iri şirkəti qəbul edib. Şirkətlər Gürcüstanda toy tədbirlərinin keçirilməsinə maraq göstərirlər.
Qurumun məqsədi Hindistandan yüksək xərcli turistlərin axınının artırılması, biznes turizmin dəstəklənməsi, konfransların, forumların, konqreslərin və toyların təşkili ilə ölkəyə daxil olan gəlirlərin yüksəldilməsidir.
Hindistanlı nümayəndələr Tbilisi, Muxrani və Kaxetidə yerləşən müxtəlif mehmanxana və infrastrukturla tanış olublar. Burada toy və digər tədbirlərin keçirilməsi mümkündür. Səfər çərçivəsində onlar Gürcüstanın turizm sektoru təmsilçiləri ilə də görüşüblər.
Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-iyun aylarında Hindistandan Gürcüstana 75 893 səfər qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə +31.4% artım deməkdir. Ən çox turist göndərən ölkələr sırasında Hindistan 6-cı yeri tutub. Altı ay ərzində Hindistandan gələn ziyarətçilərin ümumi xərcləri isə 110.5 milyon lari təşkil edib.
Tədqiqat və investisiya şirkəti Galt & Taggart öz hesabatında bildirib ki, Hindistan bazarının miqyasını nəzərə alaraq, daha yüksək xərcli seqmentin cəlbi məqsədəuyğundur. Şirkətin qiymətləndirməsinə görə, Gürcüstanda konfranslar, forumlar və toy kimi tədbir yönümlü səfərlərin təşviqi ölkə iqtisadiyyatı üçün əlavə imkanlar yaradacaq.
Bizi WhatsApp – da izləyin.
