XÜSUSİ ƏMƏLİYYAT: “Oğru aləmi” ilə əlaqəsi olan 30 nəfər saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin əməkdaşları “oğru aləmi” ilə əlaqəsi olan 30 nəfəri saxlayıb, 2 nəfərə isə qiyabi ittiham irəli sürülüb.
Bu barədə Mərkəzi Kriminal Polis Departamentinin Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin İnsan Alveri və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Tornike Marsagişvili keçirdiyi brifinqdə bildirib.
“Daxili İşlər Nazirliyi ötən gecə ölkə miqyasında – Tbilisidə, İmereti, Samtsxe-Cavaxeti və Kaxeti bölgələrində daha bir uğurlu polis əməliyyatı həyata keçirdi. Mərkəzi Kriminal Polis Departamentinin Təşkil olunmuş Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, Baş Prokurorluqla birgə keçirdikləri əməliyyat-axtarış və istintaq-prosessual tədbirləri nəticəsində, məhkəmənin qərarı əsasında, “qanuni oğurluq”, “oğru aləminə üzvlük”, “oğru aləminin fəaliyyətinin dəstəklənməsi” və “oğru aləminin üzvünə müraciət” faktları üzrə 30 nəfəri saxladılar, 2 nəfərə isə qiyabi ittiham irəli sürüldü.
“Oğru aləminin üzvünə müraciət” faktına görə 19, “oğru aləminin fəaliyyətinin dəstəklənməsi” faktına görə 7, “oğru aləminə üzvlük” faktına görə isə 4 nəfər saxlanılıb. Qalan 2 nəfərə – “qanuni oğru” Tenqiz Xoferiyaya (ləqəbi “Çinka”) və T.K.-ya ittiham qiyabi qaydada elan olunub.
İstintaqla müəyyən edilib ki, cinayətdə təqsirləndirilən şəxslər şəxsi maraqlarını təmin etmək üçün vətəndaşlar arasında olan maliyyə mübahisələrinin həllinə qarışır, tərəflərlə birlikdə “oğru aləmi”nin qaydalarına uyğun olaraq “oğru söhbətləri” təşkil edir, bir tərəfin xeyrinə qərar qəbul edir və digər tərəfi pul ödəməyə məcbur edirdilər. Müəyyən olunmuş müddətin pozulması halında isə fiziki zorakılıq və ya qətlə yetirməklə hədələyirdilər.
Həmçinin, istintaqla müəyyən olunub ki, həmin “oğru söhbətləri”ndə təqsirləndirilən şəxslərlə yanaşı, xaricdə yaşayan “qanuni oğru” Tenqiz Xoferiya (ləqəbi “Çinka”) da iştirak edirdi.
Polis, saxlanılanların şəxsi və yaşayış evlərində axtarış zamanı sübut kimi odlu silahlar, döyüş sursatı, pul, həmçinin, təqsirləndirilən şəxslərin mobil telefonları da götürülüb. Bu vasitələrlə onlar bir-biri ilə və xaricdə yaşayan gürcü “qanuni oğrular” ilə əlaqə saxlayırdılar.
Cinayətlərə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq “qanuni oğurluq”, “oğru aləminə üzvlük”, “oğru aləminin fəaliyyətinin dəstəklənməsi” və “oğru aləminin üzvünə müraciət” faktları üzrə Gürcüstan CM-nin 223-cü prim maddəsinin 1-ci və 2-ci hissələri, 223-cü tersiya maddəsinin 2-ci hissəsi və 223-cü kvarta maddəsinin 1-ci hissəsi ilə davam edir.
Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri təşkil olunmuş cinayətkarlığa, o cümlədən “oğru aləmi” ilə bağlı cinayətlərə qarşı barışmaz mübarizədir!” – deyə Tornike Marsagişvili keçirdiyi brifinqdə bildirib.
Bizi WhatsApp – da izləyin.