DTX: 80 min dollar rüşvət alan qubernator müavini saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, Duşeti, Tianeti, Mtsxeta və Kazbegi bələdiyyələrində dövlət qubernatorunun müavini G.K. saxlanılıb. Bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayıb.
Qurumun məlumatına görə, iş böyük miqdarda rüşvət alma faktına aiddir. Konkret olaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi müqabilində, xarici ölkə vətəndaşından külli miqdarda pul tələb olunub və alınmışdır.
“Aparılmış istintaqla müəyyən edilib ki, Mtsxeta bələdiyyəsinin Qalavani kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı, ümumilikdə 2 hektar sahəsi olan iki torpaq sahəsinin təyinatının dəyişdirilməsi – yəni kənd təsərrüfatı statusundan qeyri-kənd təsərrüfatı statusuna keçirilməsi müqabilində, G.K. xarici ölkənin bir vətəndaşından rüşvət kimi hər kvadrat metrə görə 20 ABŞ dolları, ümumilikdə isə 400 000 ABŞ dolları tələb edib. Bu məbləğin 100 000 ABŞ dolları ona əvvəlcədən verilməli idi. G.K.-nın izahına görə, o, hər iki torpaq sahəsinin təyinatının dəyişdirilməsinə zəmanətçi olacaqdı.
2025-ci il sentyabrın 5-də, G.K.-nın tələbi ilə, həmin xarici vətəndaş 400 000 ABŞ dollarından əvvəlcədən ona 80 000 ABŞ dolları verib. Əhəmiyyətli məqamlardan biri də odur ki, istintaq çərçivəsində məhkəmə qərarı əsasında gizli istintaq hərəkətləri həyata keçirilib və nəticədə cinayət əməlini təsdiq edən audio/video sübutlar əldə olunub.
Qeyd edilən cinayət əməli ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 3-cü hissəsinin “e” bəndi ilə aparılır ki, bu da 11 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Dövlət Təhlükəsizlik Xidməti belə faktların ifşasına xüsusi diqqət yetirəcək. Əsas prioritetlərimizdən biri korrupsiya faktlarının aşkara çıxarılması və dövlətimizin korrupsiya ilə mübarizə baxımından uğurudur”, – deyə Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd olunur.
Bizi WhatsApp – da izləyin.