DİQQƏT! Yanvar ayının 1-dən bu yeni qayda qüvvəyə minir

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə, Gürcüstan hökuməti “Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materiallar və məmulatlar (əşyalar) haqqında” 8 iyun 2022-ci il tarixli N 304 qərarına dəyişikliklər edib.

Dəyişiklik, 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minəcək və qida ilə təmas üçün nəzərdə tutulmuş müəyyən plastik əşyaların istifadəsinin qadağan edilməsini nəzərdə tutur.

Plastikdən hazırlanmış çəngəl, bıçaq, qaşıq, çubuq, boşqab, içki üçün boru (“saman”), içki qarışdırıcıları, genişləndirilmiş polistirol (EPS) materialdan hazırlanmış qida konteynerləri və onların qapaqları, genişləndirilmiş polistiroldan (EPS) hazırlanmış stəkanlar və onların qapaqlarının istehsalı (yalnız ixrac məqsədli istehsal istisna olmaqla), idxalı və bazara çıxarılması qadağan olunur.

Həmçinin ictimai iaşə obyektləri tərəfindən plastikdən hazırlanmış birdəfəlik qida konteynerləri və stəkanlar vasitəsilə müştərilərə hazır yemək təqdim edilməsi də qadağan edilir.

Qeyd etmək lazımdır ki, tənzimləmə plastikdən hazırlanmış və qablaşdırılmış qida üçün nəzərdə tutulmuş birdəfəlik istifadə olunan qablaşdırma məmulatlarına (əşyalarına) şamil olunmur.

Qərar müəyyən keçid dövrünü nəzərdə tutur.

Bu qərarın qüvvəyə minməsindən əvvəl bazarda yerləşdirilmiş plastikdən hazırlanmış çəngəl, bıçaq, qaşıq, çubuq, boşqab, boru, içki qarışdırıcıları, genişləndirilmiş polistirol (EPS) materialdan hazırlanmış qida konteynerləri və onların qapaqları, genişləndirilmiş polistiroldan (EPS) hazırlanmış stəkanlar və onların qapaqları qərarın qüvvəyə mindiyi tarixdən etibarən üç ay ərzində bazarda yerləşdirilə bilər.

Eyni zamanda, 2026-cı il 1 yanvar tarixindən qüvvəyə mindikdən sonra altı ay müddətində ictimai iaşə obyektləri plastikdən hazırlanmış birdəfəlik qida konteynerləri və stəkanlardan istifadə etməklə müştərilərə hazır yemək təqdim edə biləcəklər.

Texniki reqlamentdə edilən dəyişikliklərə riayət olunmasına nəzarəti öz səlahiyyətləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi, Ətraf Mühitin Mühafizəsinin Nəzarəti Departamenti və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti həyata keçirəcək.

Vacib məqam ondan ibarətdir ki, yuxarıda sadalanan plastik əşyaların ixrac məqsədilə istehsalı qadağan edilmir. Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik məmulatları ixrac üçün istehsal edən istehsalçı istehsala başlamazdan bir ay əvvəl Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan quruma – Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinə istehsalın başlama və bitmə müddətləri, hazırlanacaq məmulatların (əşyaların) miqdarı, ixrac ediləcək ölkələr və ixracın həyata keçirilməsi müddətləri barədə yazılı məlumat verməlidir.

Bizi WhatsApp – da izləyin.